Bu ilin birinci rübü ərzində Azərbaycandan xarici ölkələrə 5,7 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 0,3 milyon ton və ya 5 % azdır.
Bu ilin ilk üç ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft ixracı 0,7 milyon ton təşkil edib.
Bildirilir ki, bu, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 0,1 milyon və ya 12,5 % azdır.
2025-ci ilin yanvar-mart aylarında konsorsium 4,9 milyon tonu neft ixrac edib. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 0,3 milyon ton və ya 5,8 % azdır.
Bu ilin birinci rübündə hasil edilən neftin 0,14 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən aprel 1-nədək təqribən 653,2 milyon ton neft və 174,8 milyard kubmetr qaz ixraca nəql edilib.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.