Bu ilin I rübündə Azərbaycanda neft hasilatı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin ilk rübünün göstətəricisi ilə müqayisədə 0,4 milyon ton və ya 5,2 % azdır.

Bildirilir ki, ilin ilk rübündə respublika üzrə neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,5 milyon ton və ya 10,6 % azalıb.

“Şahdəniz” yatağından 1,1 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin üç ayının hasilat göstəricisi ilə müqayisədə eyni səviyyədə qalıb. Həmçinin, 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb.

Bu ilin ilk rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə eyni səviyyədədir.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə kontrakt imzalanıb. 2023-cü ilin iyul ayında yataqda hasilata başıanılıb, avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Digər xəbərlər