Bu il SOCAR neft hasilatını 3,2 milyon tona çatdırıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda hasil edilən neftin 3,2 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-may ayları üzrə operativ məlumatlarında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin 5 ayının göstəriciləri ilə müqayisədə eynidir.

Belə ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 12,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 1,2 milyon ton və ya 8,6 % azdır.

Bildirilir ki, respublika üzrə neft hasilatının 7,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,8 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu da 2022-ci ilin 5 ayının göstəriciləri ilə müqayisədə AÇG üzrə 1,1 milyon ton və ya 12,5 % azdır. “Şahdəniz” yatağı üzrə isə hasilat illik müqayisədə 0,1 milyon ton və ya 5,3 % azdır.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Digər xəbərlər