Ötən il Azərbaycanda qaz hasilatı 7 %-ə yaxın artıb

2022-ci il ərzində Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2022-ci il üzrə operativ məlumatlarında deyilir.

Qaz hasilatı 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,5 %, yəni 2,9 milyard kubmetr artıb.

Bildirilir ki, qazın 13,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 25,2 milyard kubmetri “Şahdəniz”dən, 8,1 milyard kubmetri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasil olunub.

Qeyd edək ki, Türkiyəyə və Avropaya Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Digər xəbərlər