Azərbaycanın neft koksu ixracının həcmi açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 101 min 666,63 ton neft koksu ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə neft koksunun dəyəri 8 milyon 621,51 min ABŞ dolları təşkil edib.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,4 % və 4,6 dəfə azdır.

Neft koksunun ölkənin ümumi ixracında payı 0,08 % olub.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31