Azərbaycan və Bolqarıstan arasında təbii qaz sahəsində əməkdaşlıq və "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan" Yaşıl Enerji Dəhlizinin inkişafı müzakirə edilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika naziri Pərviz Şahbazovun Antalyada COP31 çərçivəsində Bolqarıstanın energetika naziri İva Petrova ilə görüşündə aparılıb.
Bildirilib ki, dəhliz üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanması məsələləri nəzərdən keçirilib. Layihənin yeni bərpa olunan enerji güclərinin inkişafına və Azərbaycanda istehsal edilən elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına çıxarılmasına imkan yaradacağı qeyd olunub. Avropa şirkətlərinin layihələrdə iştirakı, maliyyələşdirmə və texnoloji əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi aparılıb.
Nazir Pərviz Şahbazov həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol ilə ikitərəfli görüş keçirib. Görüşdə isə COP29-un enerji təşəbbüslərinin hazırlanmasına IEA-nın dəstəyi yüksək qiymətləndirilib.
Görüşdə elektrikləşmənin enerji keçidində artan rolu, bu istiqamətdə Azərbaycanla IEA arasında əməkdaşlıq və birgə aparılmış işlərin yeni prioritetlərə uyğun nəzərdən keçirilməsi imkanları müzakirə edilib. Həmçinin enerji təhlükəsizliyinin təmin olunmasında təbii qazın roluna, yaşıl enerji dəhlizlərinin elektrikləşmənin genişlənməsi üçün yaratdığı imkanlara toxunulub. Azərbaycanın elektrikləşmə gündəliyi üzrə IEA ilə dialoqunun və texniki əməkdaşlığının davam etdirilməsi məsələləri nəzərdən keçirilib.