Orxan Zeynalov: Azərbaycanla Türkiyə Avropaya yaşıl enerji ixracını artırmağı planlaşdırır

Azərbaycan Türkiyə ilə birlikdə yaşıl enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi və Avropaya ixrac imkanlarının artırılmasına çalışır.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov COP31 çərçivəsində yaradılmış Azərbaycan pavilyonunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Mərkəzi Asiya, Xəzər hövzəsi, Azərbaycan, Türkiyə, Avropa və Qara dəniz regionu arasında yeni enerji əlaqələrinin formalaşdırılması strateji əhəmiyyət daşıyır.

Bu çərçivədə ilk dəfə Azərbaycan və Mərkəzi Asiyanın elektrik enerjisi sistemlərinin Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə birləşdirilməsi nəzərdə tutulur.

O. Zeynalovun sözlərinə görə, Azərbaycan və Türkiyə ənənəvi enerji sahəsində olduğu kimi, yaşıl enerjidə regional liderlik rolunu oynayır. Bu əməkdaşlıq Avropa ilə yanaşı, digər regionların da enerji təhlükəsizliyinə töhfə verəcək.

"Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yeni enerji dəhlizinin yaradılmasını nəzərdə tutan hökumətlərarası saziş imzalanıb. Layihəyə əsasən, elektrik enerjisinin Azərbaycandan Gürcüstana, daha sonra Türkiyə və Bolqarıstan üzərindən Avropaya ötürülməsi planlaşdırılır".

O. Zeynalov həmçinin Azərbaycanın əsas ərazisindən Zəngəzur dəhlizi və Naxçıvan vasitəsilə Türkiyəyə elektrik enerjisi ixracı imkanlarının müzakirə olunduğunu bildirib. Özəl konsorsiumların apardığı təhlillərə əsasən, Türkiyənin qərb bölgələrində, xüsusilə İstanbul yaxınlığında 1 giqavat həcmində elektrik enerjisinə tələbat yarana bilər.

Nazir müavini Naxçıvan–Ərzurum–İstanbul marşrutu üzrə enerji ötürülməsinin kommersiya baxımından da perspektivli layihə ola biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanı birləşdirən yaşıl enerji dəhlizinə Türkiyənin də Qara dəniz vasitəsilə qoşulması məsələsi müzakirə olunur və bu istiqamətdə ilkin danışıqlar aparılıb.

O. Zeynalov qeyd edib ki, nəzərdə tutulan enerji dəhlizləri bir-birini tamamlayır. Beləliklə, Mərkəzi Asiyadan Qazaxıstan və Özbəkistan vasitəsilə Azərbaycana daxil olan elektrik enerjisinin gələcəkdə həm Qara dəniz, həm də Zəngəzur dəhlizi və Naxçıvan–Türkiyə marşrutu ilə ötürülməsi mümkün ola bilər.

Hazırda Xəzər-Qara dəniz-Avropa enerji dəhlizi layihəsinin daha irəliləmiş mərhələdə olduğunu bildirilib. Onun sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırması tamamlanıb.

Nazir müavini deyib ki, hədəf 2028–2029-cu illərdə yekun investisiya qərarının qəbul edilməsi, 2032-ci ildə isə birinci xəttin istismara verilməsidir: "Həmin xəttin ötürmə gücünün 1,3 giqavat olması nəzərdə tutulur".

Digər xəbərlər