"Şahdəniz"də hasilat dinamikası ilə bağlı gələn il üçün proqnozlar açıqlanıb

Gələn il Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında kondensat hasilatının 0,5 milyon barel və ya 1,7 %, təbii qaz hasilatının isə 0,2 milyard kubmetr və ya 0,7 % azalacağı proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfində əksini tapıb.

Sənədə əsasən, gələn il yataq üzrə mənfəət vergisi daxilolmalarının 1 milyard 420 milyon manat olacağı gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 180 milyon manat və ya 11,3 %, 2025-ci ilin icrası ilə müqayisədə isə 840,3 milyon manat və ya 37,2 % azdır.

Vergi daxilolmalarının azalması hasilatın aşağı düşməsi ilə yanaşı, təbii qazın Avropa HUB qiymətinin cari il üçün nəzərdə tutulan göstəricidən 6,8 % və ya 30 ABŞ dolları aşağı götürülməsi ilə əlaqələndirilir.

2026-cı il üçün "Şahdəniz" yatağı üzrə kondensat hasilatının 30,3 milyon barel, təbii qaz hasilatının isə 26,9 milyard kubmetr olacağı proqnozlaşdırılıb.

Bu il 2025-ci ilin icrası ilə müqayisədə mənfəət vergisi daxilolmalarının azalmasının əsas səbəbləri kondensat hasilatının 3,3 milyon barel və ya 10,4 %, təbii qaz hasilatının isə 0,6 milyard kubmetr və ya 2,2 % azalması, eləcə də təbii qazın Avropa HUB qiymətinin 15,3 % və ya 73,8 ABŞ dolları aşağı götürülməsidir.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təxminən 20 milyard standart kubmetr qaz və 21 milyon barel kondensat hasil edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə qaz hasilatı 1 milyard standart kubmetr və ya 5 %, kondensat hasilatı isə 3 milyon barel və ya 12,5 % azalıb.

Hazırda "Şahdəniz" qurğularının ümumi hasilat gücü gündə təxminən 79 milyon standart kubmetr, illik isə 28,8 milyard standart kubmetr təşkil edir.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb, həmin il oktyabrın 17-də ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf edilib.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə əsasən, yatağın işlənməsi ilə bağlı hasilatın pay bölgüsü sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

"Şahdəniz" layihəsində iştirak payları belədir: BP (operator) – 29,99 %, "Lukoil" – 19,99 %, TPAO – 19 %, NIKO – 10 %, "Cənub Qaz Dəhlizi" – 16,02 %, MVM – 5 %.

Digər xəbərlər