Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ümumilikdə xarici ölkələrə 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-oktyabr ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilir ki, bu, 2023-cü ilin ilk 10 ay ilə müqayisədə 1,1 milyon ton və ya 5,2 % azdır.
Bu ilin 10 ayında konsorsium 17,4 milyon tonu neft ixrac edib. Bu, 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,1 milyon ton və ya 5,9 % azdır.
Ötən 10 ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft ixracını ötən illə müqayisədə eyni səviyyədə saxlayıb. Bu ilin yanvar-oktyabr aylarında SOCAR-ın neft ixracı 2,5 milyon ton təşkil edib.
Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.
Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.