Hazırda Azərbaycanın günəş enerjisi potensialı 23 min meqavat təşkil edir.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova Bakıda keçirilən “Daha yaşıl gələcəyə doğru innovativ yollar: Bərpa olunan enerji və emissiyaların azaldılması” mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın hazırda investorlarla imzaladığı müqavilələrin əksəriyyəti günəş enerjisi ilə bağldır: “Azərbaycanın enerji sahəsində potensialı hökumət tərəfindən uzun müddətdir inkişaf etdirilir. Buna görə də hazırda investorlarımızla imzalanmış müqavilələrin əksəriyyəti günəş enerjisinin inkişafına əsaslanır".
O bildirib ki, Azərbaycan üçün bərpa olunan enerji sahəsində malik olduğu potensial mühüm əhəmiyyət kəsb edir: "Bərpa olunan enerji sahəsində layihələr davam edir və ümid edirik ki, nəticələr 2025-ci ilin sonuna qədər olacaq. Beləliklə, biz hazırda dənizdəki potensialımızı ölçmək üçün "Nida" enerji sistemindən istifadə edirik".
R.Hümbətova vurğulayıb ki, enerji sistemi üzrə modelləşdirmə çox vacibdir: "Ötən il biz tədqiqatı yalnız daxili bazarda apardıq. Bu çox vacib tədqiqat idi. Onlar həmçinin elektrifikasiya, enerji səmərəliliyi tədbirlərini, eləcə də mobillik ssenarilərini, müdafiə ssenarilərini əhatə edirdi. Amma indi düşünürəm ki, ən vacib məsələ yaşıl enerji dəhlizlərinə dair tədqiqatımızı daxili bazarla birləşdirmək, inteqrasiya etməkdir. Çünki bu təkcə bizim üçün deyil, bütün tərəfdaşlarımız üçün çox vacibdir. Bu, həqiqətən çox fərqli nəticələr göstərəcək. Çünki bu, potensialımızı necə artıra biləcəyimizi başa düşməyimizə imkan verəcək".