Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 noyabr 2026-cı ildə imzaladığı Sərəncamla 2027-ci ildə yeddinci "Yüksəliş" müsabiqəsinin keçirilməsi qərara alınıb. Bu qərar ölkədə insan kapitalının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin ardıcıllığını göstərir və ötən altı mövsümdə qazanılan təcrübəyə yeni perspektivdən baxmağa imkan verir.
İstedadlı mütəxəssislərin mövcudluğu ilə onların idarəçilik potensialını aşkara çıxaran və inkişafını dəstəkləyən sistemin qurulması fərqli məsələlərdir. "Yüksəliş"in indiyədək keçdiyi yol göstərir ki, bu təşəbbüsün nəticələrini yalnız qaliblərin sayı ilə deyil, yaradılmış qiymətləndirmə metodologiyası, kadr ehtiyatı və peşəkar təcrübə mübadiləsi mexanizmləri ilə də dəyərləndirmək lazımdır.
Müsabiqə təsis olunduğu vaxtdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilir.
2019-cu ildən bu günə: "Yüksəliş"in inkişaf dinamikası
2019-cu il iyulun 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə "Yüksəliş" müsabiqəsinin təsis edilməsi Azərbaycanın kadr siyasətində keyfiyyətcə yeni yanaşmanın əsasını qoydu. Ölkədə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və kadr ehtiyatı bankının yaradılması konkret vəzifə kimi qarşıya qoyuldu.
2021-ci ildə isə rəqabətli insan kapitalının və müasir innovasiyalar məkanının formalaşdırılması "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində ölkənin beş milli prioritetindən biri kimi müəyyən edildi. Bu ardıcıllıq göstərir ki, "Yüksəliş"in yaradılması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının məntiqindən irəli gələn düşünülmüş qərar idi.
Müsabiqə ötən altı mövsüm ərzində geniş peşəkar auditoriyanı əhatə edib. Bu müddətdə 47 070 nəfər müsabiqədə iştirak edib, 136 nəfər qalib adını qazanıb. Altıncı mövsümdə isə qeydiyyatdan keçənlərin sayı rekord həddə – 17 651 nəfərə çatıb.
Bu göstəricilər Azərbaycanın müxtəlif sahələrində çalışan, öz bilik və bacarıqlarını sınamağa və daha böyük peşəkar məsuliyyət götürməyə hazır insanların geniş dairəsini əks etdirir. Müsabiqəyə marağın davam etməsi həm də sağlam rəqabət əsasında irəliləmək istəyinin göstəricisidir.
"Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeddinci müsabiqə ilə bağlı Sərəncamı bizim üçün həm bu işə göstərilən etimadın, həm də qazanılmış təcrübəni inkişaf etdirmək məsuliyyətinin ifadəsidir. Belə ki, altı mövsümün nəticəsini yalnız qaliblərin sayı ilə qiymətləndirmək kifayət deyil. Bu illər ərzində ölkədə idarəçilik bacarıqlarını qiymətləndirmək, yarımfinal və final üçün yerli keyslər hazırlamaq və ekspertləri vahid metodologiya əsasında yetişdirmək təcrübəsi formalaşıb".
Kadr Bankı: seçim prosesindən sonra qalan dəyər
İstedadların idarə olunması sahəsində ən qiymətli resurslardan biri gələcəkdə daha böyük məsuliyyət daşıya biləcək insanlar haqqında sistemləşdirilmiş məlumatın mövcudluğudur.
Bu gün "Yüksəliş"in Kadr Bankında 4500-dən çox perspektivli mütəxəssisin profili yer alır. Onlar iqtisadiyyat, maliyyə, təhsil, mühəndislik, informasiya texnologiyaları, dövlət idarəçiliyi və digər fəaliyyət sahələrini təmsil edirlər.
Kadr Bankının əhəmiyyəti ondadır ki, burada müxtəlif qiymətləndirmə mərhələlərindən keçmiş, bilik və idarəçilik bacarıqlarını nümayiş etdirmiş şəxslər haqqında məlumatlar cəmləşdirilir. Bu, həm dövlət qurumları, həm də özəl sektor üçün perspektivli kadrların müəyyən edilməsi baxımından əlavə imkanlar yaradır.
Müsabiqənin açıq iştirak modeli isə idarəçilik potensialının ayrı-ayrı təşkilatların, peşəkar çevrələrin və ya coğrafi sərhədlərin daxilində qalmasının qarşısını almağa xidmət edir. Azərbaycanın müxtəlif regionlarında çalışan mütəxəssislər eyni qiymətləndirmə meyarları əsasında öz bacarıqlarını nümayiş etdirmək imkanı əldə edirlər.
Bu yanaşmanın əsasında meritokratiya prinsipi – insanın şəxsi keyfiyyətləri, bilik, bacarıq və nailiyyətləri əsasında irəliləməsi dayanır. Belə bir prinsipin cəmiyyətdə möhkəmlənməsi peşəkarlığın nüfuzunu artırır, fərdi inkişafı stimullaşdırır və sağlam rəqabət mədəniyyətini təşviq edir.
İdarəçilik bacarıqları necə qiymətləndirilir?
İdarəetmə sahəsində ən mürəkkəb məsələlərdən biri yüksək nəticələr göstərən mütəxəssislə yüksək idarəçilik potensialına malik şəxsi fərqləndirməkdir. Öz sahəsinin güclü mütəxəssisi olmaq hər zaman effektiv rəhbər olmaq demək deyil. İdarəçilik fərqli düşüncə tərzi, qeyri-müəyyənlik şəraitində qərar qəbul etmək, insanları ümumi məqsəd ətrafında birləşdirmək və nəticəyə görə məsuliyyət daşımaq bacarığı tələb edir.
"Yüksəliş" bu fərqi müəyyən etmək üçün iştirakçıların yalnız biliklərini deyil, idarəetmə situasiyalarında nümayiş etdirdikləri davranışları da qiymətləndirir.
Müsabiqənin ilkin mərhələlərində iştirakçıların ümumi bilikləri, analitik düşüncəsi, emosional zəkası və situasiyaları dəyərləndirmək bacarığı yoxlanılır. Sonrakı mərhələlərdə isə namizədlər real iş mühitinə yaxınlaşdırılmış idarəetmə situasiyalarında, fərqli komandaların tərkibində və məhdud zaman çərçivəsində qərarlar qəbul edirlər.
Burada iştirakçının hansı qərarı verməsi qədər, həmin qərara necə gəlməsi, fərqli mövqelərlə necə işləməsi, dəyişikliklərə münasibəti və etik prinsiplərə sadiqliyi də əhəmiyyət daşıyır.
Altı mövsüm ərzində müsabiqənin 236 peşəkar mütəxəssisdən ibarət ekspert bazası formalaşıb. Artıq üçüncü ildir ki, müsabiqənin yarımfinal və final mərhələlərində istifadə olunan idarəetmə keysləri ən qabaqcıl beynəlxalq təcrübələrə əsaslanaraq yerli mütəxəssislərimiz tərəfindən hazırlanır. Bununla yanaşı, müsabiqənin təşkilati proseslərinə dəstək üçün 160 nəfərlik könüllü bazası formalaşıb.
Bu fəaliyyətin uzunmüddətli nəticələrindən biri də Azərbaycanda müasir idarəçilik səriştələrinin qiymətləndirilməsi sahəsində institusional bilik və təcrübənin toplanmasıdır.
Bilik və təcrübənin növbəti nəslə ötürülməsi
İdarəçilik təcrübəsinin mühüm bir hissəsi kitablarda və təlim proqramlarında əks olunmur. İllər ərzində mürəkkəb qərarlar qəbul etməklə, böhranları idarə etməklə və müxtəlif komandalarla çalışmaqla qazanılan biliklər, əsasən, birbaşa peşəkar ünsiyyət vasitəsilə ötürülür.
"Yüksəliş"in Mentorluq Proqramı bu baxımdan xüsusi dəyərə malikdir. Müsabiqənin qalibləri ölkənin aparıcı dövlət və özəl sektor rəhbərləri ilə birillik fərdi inkişaf proqramı çərçivəsində əməkdaşlıq etmək, eyni zamanda özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə etmək imkanı qazanırlar.
Bu təcrübənin mühüm davamı Tələbə Mentorluq Proqramıdır. 2023-cü ildən davam edən bu təşəbbüsdə qaliblər özləri mentor kimi çıxış edərək ali təhsil müəssisələrinin tələbələrinə peşəkar inkişaf və karyera seçimlərində dəstək göstərirlər. İndiyədək keçirilmiş üç proqramın nəticəsində 35 tələbə iş təklifi alıb. Üç mövsüm ərzində bu proqramda ümumilikdə 221 tələbə iştirak edib.
Beləliklə, vaxtilə inkişaf imkanından yararlanan insan sonradan başqaları üçün həmin imkanı yaradan şəxsə çevrilir. İnsan kapitalına qoyulan sərmayənin multiplikativ effekti də məhz burada üzə çıxır.
Bununla yanaşı, intellektual görüşlər və müxtəlif peşəkar əlaqələndirmə təşəbbüsləri müsabiqə ətrafında formalaşan birliyin inkişafına xidmət edir. Bu görüşlərdə idarəçilik məsələləri ilə yanaşı, Azərbaycan tarixi, milli kimlik, ana dili, mədəniyyət və dövlətçilik ənənələri də müzakirə olunur.
Çünki yüksək səviyyəli idarəçinin formalaşması yalnız peşəkar səriştələrin inkişafı ilə başa çatmır. Onun intellektual dünyagörüşü, milli-mənəvi dəyərlərə bağlılığı və cəmiyyət qarşısında məsuliyyət hissi də mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətlər "Yüksəliş"in artıq formalaşmaqda olan peşəkar irsinin konkret ifadələridir.
Yeddinci müsabiqənin gündəliyi: dəyişən idarəçilik tələbləri
2019-cu ildə "Yüksəliş" təsis edilərkən Azərbaycanın qarşısında dayanan vəzifələrlə bugünkü inkişaf gündəliyi arasında mühüm fərqlər var.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənir, iqtisadi və texnoloji imkanları genişlənir.
Bu nailiyyətlərin davamlılığı və yaranan imkanların səmərəli dəyərləndirilməsi müxtəlif sahələrdə yüksək peşəkarlığa, müasir düşüncəyə və dövlətçilik təfəkkürünə malik kadrlara olan tələbatı artırır.
Qlobal miqyasda isə süni intellektin inkişafı, rəqəmsal transformasiya və yeni iqtisadi modellərin meydana çıxması idarəçilik haqqında ənənəvi təsəvvürləri dəyişir. Bu şəraitdə mövcud biliklər qədər yeni bilikləri mənimsəmək, dəyişikliklərə uyğunlaşmaq və mürəkkəb prosesləri idarə etmək qabiliyyəti ön plana çıxır.
"Yüksəliş"in növbəti inkişaf mərhələsində qiymətləndirmə metodologiyasının bu çağırışlara uyğun təkmilləşdirilməsi, Kadr Bankının imkanlarının genişləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi və iştirakçıların uzunmüddətli peşəkar inkişafının dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir.
Beləliklə, altı mövsüm ərzində toplanmış bilik və təşkilati təcrübə növbəti müsabiqənin inkişafı üçün əsas yaradır.
"Yüksəliş"in uzunmüddətli dəyəri qarşıdakı illərdə iştirakçıların və qaliblərin rəhbərlik etdikləri təşkilatlarda, həyata keçirdikləri layihələrdə, yetişdirdikləri kadrlarda və ölkəyə qazandırdıqları nəticələrdə daha aydın görünəcək. Yeddinci mövsümə verilən qərarın əhəmiyyəti də məhz bu inkişaf xəttinin davam etdirilməsindədir.