İlqar Bayramlı: Peşə təhsili müəssisələri və işəgötürənlər arasında birgə məsuliyyət olmalıdır

Peşə təhsili müəssisələri və işəgötürənlər arasında birgə məsuliyyət olmalıdır.

"Report" xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Milli Məşğulluq Forumu"nun ikinci günündə keçirilən panel sessiyasında deyib.

Onun sözlərinə görə, əmək bazarının tələbləri ilə təhsil sisteminin formalaşdırdığı bacarıqlar arasında boşluqlar var:

"Bu problemi peşə təhsili müəssisələrinin işə hazır kadr hazırlamaması ilə izah etmək elmi cəhətdən doğru deyil. Araşdırmalar göstərir ki, təhsilin məzmunu ilə yanaşı, işə qəbul tələbləri, iş yerinin xüsusiyyətləri, bacarıqların yenilənməsi, eləcə də tələbələrin praktiki təcrübə və staj imkanları da bu məsələdə rol oynayır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının son təhlilləri göstərir ki, bir tərəfdən işəgötürənlər müəyyən bacarıqlara malik işçi axtarır, digər tərəfdən isə insanların çalışdıqları iş yerlərində öz bacarıqlarından tam istifadə olunmur".

İ.Bayramlı 25–65 yaş aralığında olan şəxslər arasında aparılan təhlillər nəticəsində bu sahədə üç əsas problemin müəyyən edildiyini vurğulayıb:

"Birincisi, şəxsin bacarıq səviyyəsinin aşağı olmasıdır. İkincisi, işçinin daha mürəkkəb işləri yerinə yetirmək potensialına malik olmasına baxmayaraq, mövcud iş şəraitinin onun bütün potensialını reallaşdırmasına imkan verməməsidir. Üçüncüsü isə təhsil səviyyəsi ilə bağlı problemdir. Belə ki, şəxsin malik olduğu təhsil səviyyəsi tutduğu vəzifənin tələblərindən ya yüksək, ya da aşağı olur".

Agentlik rəhbəri əlavə edib ki, peşə təhsili və orta təhsil müəssisələrinin formalaşdırdığı insan kapitalı ilə əmək bazarının real ehtiyacları arasında effektiv əlaqələndirmə mexanizmi gücləndirilməlidir.

O bildirib ki, məktəbəqədər, ümumi və peşə təhsili sistemində islahatlarla yanaşı, əsas məsələlərdən biri yalnız keyfiyyətli kadr hazırlamaq deyil, həm də məzunların təhsildən məşğulluğa keçidini təmin edən aydın mexanizm yaratmaqdır:

"Bu istiqamətdə dəstək mexanizmlərindən biri karyera xidmətlərinin göstərilməsidir. Peşə təhsili sistemində karyera xidmətlərinin təşkili ilə bağlı addımlar atırıq. Hazırda 30-dan artıq peşə təhsili müəssisəmizdə karyera mütəxəssisi çalışır. Eyni zamanda, səkkiz peşə təhsili müəssisəmizdə artıq karyera mərkəzi fəaliyyət göstərir. Qarşıdakı dövrdə onların sayını artırmağı qarşımıza məqsəd qoymuşuq".

İ.Bayramlı əlavə edib ki, karyera xidmətləri yalnız peşə tələbləri və ixtisas seçimi ilə bağlı deyil, həm də əmək bazarının tələbləri, vakansiyalar və məşğulluq imkanları haqqında geniş məlumat verir:

"Qarşıdakı dövrdə əsas çağırışlarımız peşə təhsilinin effektivliyinin artırılması, əmək bazarının tələblərinə uyğun, keyfiyyətli və rəqabətqabiliyyətli kadrların hazırlanması, eləcə də həmin kadrlarla işəgötürənlər arasında dayanıqlı əlaqələrin yaradılması istiqamətində fəaliyyətimizi necə quracağımızla bağlıdır".

Digər xəbərlər