Noyabrın 16-da Tbilisidə Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın inkişafına həsr olunan rektorlar konfransı keçiriləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstan Texniki Universitetində təşkil olunacaq tədbirdə hər iki ölkənin elm və təhsil qurumlarının nümayəndələri, səfirlər və ali məktəb rəhbərləri iştirak edəcəklər.
Konfrans çərçivəsində Azərbaycan və Gürcüstanın ali təhsil sistemləri, aparılan islahatlar, universitetlərarası əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Tədbirin sonunda universitetlər arasında əməkdaşlıq memorandumlarının imzalanması nəzərdə tutulur.