"Qızların Təhsilinə Dəstək" layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
"Report" xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) keçirilən tədbirdə BDU-da təhsil alan və layihə çərçivəsində təsis edilmiş Hənifə Məlikova-Zərdabi və Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramlarının iştirakçılarına təltiflər təqdim olunub.
Tədbirdə, həmçinin qızların təhsilinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev layihəyə daha çox qurumun və təhsil müəssisəsinin qoşulmasının onun əhatə dairəsinin genişlənməsi və davamlılığı baxımından əhəmiyyətini vurğulayıb. Rektor layihədən yararlanan gənc xanımların gələcəkdə digər qızların da təhsilinə və arzularının reallaşmasına dəstək göstərə biləcəklərini qeyd edib.
Elçin Babayev 19 BDU tələbəsinin layihə çərçivəsində dəstək aldığını deyib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, layihə Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq sayəsində həyata keçirilir. B.Muradova qeyd edib ki, Hacı Zeynalabdin Tağıyev adına yeni təqaüd bu il təsis edilib və 22 qız həmin təqaüdü qazanıb: "Qarşıdakı il üçün əsas hədəfimiz təqaüd alanların sayını ən azı 100 nəfərə çatdırmaqdır".
B.Muradova deyib ki, "Qızların Təhsilinə Dəstək" layihəsinin ilkin mərhələsində 14 qızın təhsilinə dəstək göstərilib və 5 il ərzində 730 qız bundan yararlanıb.
Komitə sədri Hacı Zeynalabdin Tağıyev adına təqaüd proqramının əhatəsinin genişləndirilməsi məqsədilə neft sənayesi üzrə fəaliyyət göstərən şirkətlərə də çağırış edib, onları layihəyə qoşulmağa dəvət edib.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə bildirib ki, layihə qızların sosial şəraitindən asılı olmayaraq istedadlarının üzə çıxarılmasına, təhsil və inkişaf imkanlarının genişləndirilməsinə xidmət edir: "Təqaüd proqramları iştirakçılarının gələcəkdə digər istedadlı qızların təhsilinə və inkişafına dəstək göstərəcəyinə inanıram".