Daha 20 tələbəyə təqaüd veriləcək

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb.

Bu barədə "Report"a TİF-dən məlumat verilib.

Bildirilib ki, yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur.

Müqaviləni Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov imzalayıblar.

Nicat Məmmədli əməkdaşlığın davam etdirilməsinin sosial həssas qrupa aid olan gənclərin təhsil imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sədr bildirib ki, tələbələrə göstərilən maliyyə dəstəyi onların təhsillərini davam etdirmələrinə, bilik və bacarıqlarını inkişaf etdirmələrinə, gələcək hədəflərinə doğru inamla irəliləmələrinə şərait yaradır.

Yusif Poladov vətəndaşların təhsil sahəsinə göstərdiyi dəstəyin və sosial həmrəyliyin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Proqram sosial həssas qrupa aid olan, Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda təhsil alan və qəbul imtahanında minimum 600 bal toplayan tələbələri dəstəkləməyi hədəfləyir. Seçiləcək hər bir tələbəyə 10 ay müddətində aylıq 200 manat məbləğində təqaüd veriləcək.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun əməkdaşlığı çərçivəsində bu günədək 43 tələbəyə təqaüd ayrılıb. Proqramın davam etdirilməsi sosial həssas qrupa aid olan gənclərin ali təhsil almasına və akademik inkişafına dəstəyin genişləndirilməsinə imkan yaradır.

Digər xəbərlər