TKTA Hesablama Palatasının apardığı auditin nəticələrinə münasibət bildirib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi Hesablama Palatası tərəfindən aparılan auditin nəticələri ilə bağlı açıqlama yayıb.

"Report" xəbər verir ki, açıqlamada deyilir:

"Oktyabrın 23-də Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və icrasının nəticəliliyinin qiymətləndirilməsinə dair səmərəlilik (performans) auditinin nəticələri ilə bağlı rəsmi məlumat dərc edilib.

Həmin məlumatın mediada işıqlandırılması zamanı bəzi hallarda faktların məzmun və kontekstdən kənar təqdim edildiyi, xüsusilə xarici kvalifikasiyaların tanınması prosesi ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yarada biləcək başlıqlardan istifadə olunduğu müşahidə edilir. Bununla əlaqədar bildiririk ki, bəzi media resurslarında yayımlanan "TKTA-da saxta diplomlar aşkarlandı" məzmunlu başlıqlar Hesablama Palatasının rəsmi məlumatında əksini tapan faktların mahiyyətini düzgün ifadə etmir. Belə ki, rəsmi məlumatda xarici kvalifikasiyaların tanınması zamanı təqdim edilmiş sənədlərin həqiqiliyinin yoxlanılması, saxta sənədlərin müəyyən edilməsi və bu hallarla bağlı TKTA-nın həyata keçirdiyi tədbirlər qeyd edilmişdir. Bu baxımdan, vətəndaşlar tərəfindən təqdim olunan saxta sənədlərin müəyyən edilməsi ilə həmin sənədlərin TKTA-nın öz fəaliyyəti nəticəsində aşkar olunması arasındakı fərqin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.

Qeyd edirik ki, TKTA xarici kvalifikasiyaların tanınması sahəsində fəaliyyətini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 4.1.2-ci bəndinə əsasən, kvalifikasiyaya dair sənədin autentik, yəni həqiqi olması tanınma üçün nəzərə alınan şərtlərdən biridir. İnzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə TKTA tərəfindən ərizəçilərin təqdim etdikləri sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi üçün müvafiq xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Əldə olunan məlumatlar, eləcə də daxil olmuş rəsmi cavablar əsasında təqdim edilmiş sənədlərin autentik olmadığı müəyyən edildikdə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilir.

Bu xüsusda, TKTA-nın Nizamnaməsinin 3.1.10-cu yarımbəndinə uyğun olaraq, TKTA-nın fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar edildikdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verilməsi təmin edilir. Bu çərçivədə saxta diplomlar və digər təhsil sənədləri ilə bağlı müəyyən edilmiş hallar ümumiləşdirilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunur.

Eyni zamanda, audit nəticələrinin maliyyə fəaliyyəti ilə bağlı hissəsinin mediada işıqlandırılması zamanı da hesabatda əksini tapan məqamların mahiyyətinin və ümumi kontekstin qorunması mühüm əhəmiyyət kəsb edir. Hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, eləcə də gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulmuşdur. Hesab edirik ki, bu məsələlərin hesabatda əks olunduğu məzmun və çərçivədə təqdim edilməsi, onların mahiyyətinin əlavə şərh və ümumiləşdirmələrlə dəyişdirilməməsi ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacibdir. Habelə, audit nəticələrinin ayrı-ayrı məqamlarının ümumi kontekstdən kənar təqdim edilməsi qurumun fəaliyyəti barədə birtərəfli təsəvvürün formalaşmasına səbəb ola bilər. Bu səbəbdən audit hesabatlarında əks olunan məlumatların işıqlandırılması zamanı faktların dəqiq ifadə olunması və onların məzmununa uyğun şərh edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, TKTA öz fəaliyyət istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, prosedurların səmərəliliyinin artırılması və keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində təşəbbüslərini qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində davam etdirir.

TKTA rəsmi məlumatların dəqiq, obyektiv və kontekstə uyğun təqdim edilməsini, ictimaiyyətin etibarlı məlumatlarla təmin olunmasını vacib hesab edir. Media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa, peşəkar jurnalistika prinsiplərinə riayət etməyə və məlumatların düzgün anlaşılmasına xidmət edən yanaşma nümayiş etdirməyə dəvət edirik".

Digər xəbərlər