Qarabağ Universitetində mədəniyyətlərarası dialoq mövzusunda müzakirə keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Mədəniyyətlərarası dialoq və dini müxtəliflik: qlobal təcrübələr və yeni üfüqlər" mövzusunda müzakirə keçirilib.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dinlər və inanclar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, dini müxtəlifliyə hörmət, stereotiplərin aradan qaldırılması və gənclərin dialoq mədəniyyətinin formalaşmasında rolu müzakirə olunub.

Mədəniyyətlərarası Dialoq naminə Qlobal İttifaqın (GUIDE) nümayəndəsi Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə keçirilən müzakirədə İsveç Krallığı Xarici İşlər Nazirliyinin dinlər və mədəniyyətlərarası dialoq üzrə xüsusi elçisi Kristian Kamill, Baskervil İnstitutunun icraçı direktoru Bəhman Bəxtiyari və Macarıstanın İslam İcmasının prezidenti Zoltan Bolek çıxış ediblər.

Qarabağ Universiteti tələbə və müəllim heyətinin iştirakı ilə interaktiv formatda davam edən görüşdə qlobal təcrübələr əsasında dinlərarası anlaşmanın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.

Digər xəbərlər