Böyük Britaniyanın Esseks Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

8 Noyabr – Zəfər Günü ərəfəsində Böyük Britaniyanın Esseks Universitetində tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin müşaviri Ramil Tağıyev, Esseks Universitetinin doktorantı, BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü seçilmiş Fərid Adilov, universitetin Azərbaycan Cəmiyyətinin sədri Əli Xəlilov, azərbaycanlı tələbələr, eləcə də xarici qonaqlar iştirak ediblər.

Ramil Tağıyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbənin xalqın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

Çıxışında xaricdə təhsil alan azərbaycanlı gənclərin Azərbaycanı beynəlxalq aləmdə tanıdılması və Azərbaycan–Böyük Britaniya münasibətlərinin inkişafındakı roluna toxunan diplomat tələbələrin Azərbaycanın qeyri-rəsmi təmsilçiləri olduğunu bildirib. O, gəncləri təhsil aldıqları ölkədə Azərbaycanın tarixinin, mədəniyyətinin və müasir inkişafının təbliğində fəal iştirak etməyə, əldə etdikləri bilik və təcrübəni gələcəkdə ölkəmizin inkişafına yönəltməyə çağırıb.

Esseks Universitetinin doktorantı, BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027–2031-ci illər üzrə üzvü seçilmiş Fərid Adilovun Azərbaycanın beynəlxalq müstəvidə təmsil olunmasının, xüsusilə insan hüquqları, təhsil və elm sahələrində fəal iştirakının əhəmiyyətinə diqqət çəkib. Xaricdə təhsil alan azərbaycanlı gənclərin beynəlxalq akademik və peşəkar mühitdə ölkəmizin tanıdılmasına töhfə verməsinin, milli kimliyə və tarixi irsə bağlılığını qorumaqla yanaşı, müasir bilik və bacarıqlara yiyələnməsinin vacibliyini qeyd edib.

Esseks Universitetinin Azərbaycan Cəmiyyətinin sədri Əli Xəlilov xaricdə təhsil alan hər bir azərbaycanlı gəncin Azərbaycanı layiqincə təmsil etmək, Azərbaycanın tarixini və həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində mənəvi məsuliyyət daşıdığını bildirib.

Tədbir çərçivəsində azərbaycanlı tələbələr və xarici qonaqlarla fikir mübadiləsi aparılıb, Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişafı, eləcə də Azərbaycan–Böyük Britaniya əlaqələrinin perspektivləri ətrafında müzakirələr keçirilib.

Digər xəbərlər