Şahin Bayramov: Qarabağ Universitetinin azad edilmiş ərazilərdə yaradılması dünyaya mühüm mesajdır

Qarabağ Universitetinin məhz azad edilmiş ərazilərdə yaradılması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq işlərinin və bu prosesdə təhsilə verdiyi önəmin göstəricisidir. Bu addım, eyni zamanda, dünyaya ünvanlanan mühüm mesajdır.

"Report" xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Bakı Slavyan Universitetində keçirilən "Sülh və təhlükəsizlik: Cənubi Qafqazda yeni geosiyasi reallıqlar kontekstində" adlı konfransda deyib.

Onun sözlərinə görə, milli təhlükəsizlik konsepsiyası kontekstində bunun ən bariz nümunəsi postmünaqişə dövründə Qarabağda və Şərqi Zəngəzurda aparılan fəaliyyətlərdir:

"Qısa müddət ərzində Böyük Qayıdış Proqramının nə qədər uğurla həyata keçirildiyinin hər kəs şahididir. Bu gün həm Qarabağda, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan sürətli və keyfiyyətli fəaliyyət, həyata keçirilən sistemli işlər ölkəmizin sülhə nə qədər sadiq olduğunun, uzunmüddətli təhlükəsizliyə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Hesab edirik ki, məhz postmünaqişə dövründə həyata keçirilən fəaliyyətlər dünya üçün fərqli bir nümunə və təcrübə ortaya qoyur".

Digər xəbərlər