Birinci tip diabet əslində tək xəstəlik deyil, iki genetik və bioloji cəhətdən fərqli vəziyyət ola bilər.
"Report"un məlumatına görə, ABŞ və Böyük Britaniyadan olan alimlər iki HLA gen variantını - DR3 və DR4-ü nəzərə alaraq, diabet xəstələrinin ilk geninin təhlilini apardıqdan sonra bu nəticəyə gəliblər. Nəticələr "Diabetologia" jurnalında dərc edilib.
Tədqiqatçılar 1-ci tip diabetli 9 091 nəfərin və 14 157 sağlam iştirakçının genetik məlumatlarını müqayisə ediblər. Təhlil HLA-DR3 və HLA-DR4 variantları olan xəstələr arasında təkcə genetik meyl baxımından deyil, həm də xəstəliyin inkişafının mümkün mexanizmlərində əhəmiyyətli fərqlər aşkar edib.
Alimlər HLA-DR3 variantində mast hüceyrələrinin işləməsinə təsir edən genlərlə əlaqə aşkarlayıblar – bunlar iltihaba və bədənin yad maddələrə reaksiyasına qatılan immun hüceyrələrdir.
"Əksinə, HLA-DR4 ilə bədənin hüceyrələrinə birbaşa hücum edə bilən T hüceyrələri əsas rol oynayır. Məhz bu autoimmun proses mədəaltı vəzdə insulin istehsal edən beta hüceyrələrinin məhvinə gətirib çıxarır", - alimlər izah ediblər.
Hər iki genetik variant eyni diaqnozun yaranma ehtimalını artırır, amma xəstəlik fərqli bioloji mexanizmlərlə başlaya bilər. Tədqiqatçıların sözlərinə görə, bu qruplar arasındakı fərqlər o qədər aydındır ki, onları xəstəliyin ayrı-ayrı alt növləri kimi nəzərdən keçirmək olar.