2021–2026-cı illər üzrə orta ixtisas təhsili müəssisələrinə qəbul olan qadın tələbələrin sayı kişilərlə müqayisədə daha yüksək olub.
"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, 2021–2026-cı illər ərzində qəbul olunanların 46 142 nəfəri (35,3 faiz) kişi, 84 461 nəfəri (64,7 faiz) qadın olub: "Hesabat dövründə kişilərin qəbul sayında 7 faiz azalma, qadınların qəbul sayında isə 17,3 faiz artım qeydə alınıb".
S.Babayeva qeyd edib ki, bu il orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 61 müəssisə üzrə aparılıb:
"Orta ixtisas təhsili müəssisələri üzrə ümumilikdə 25 310 plan yeri nəzərdə tutulub. Qəbul nəticəsində 22 071 abituriyent tələbə adını qazanıb. Onların 85 faizi Elm və Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin payına düşür".