ADA Universitetində 14-cü Karyera Sərgisinin açılışı keçirilib.
"Report" xəbər verir ki, mərasimdə ADA Universitetinin Qəbul və Tələbə Xidmətləri üzrə prorektoru Günay Ziyadova çıxış edərək sərginin əhəmiyyəti və karyera yüksəlişi baxımından potensialından bəhs edib.
ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev, ABB Bankın İnsan Resurslarının İdarəolunması Departamentinin direktoru Məlahət Abdullayeva və "Bahar Energy Operating Company"nin İnsan Resursları direktoru Orxan Əliyev də çıxışları zamanı sərgi və onun gənclər üçün karyera yüksəlişi məsələsinə diqqət çəkiblər.
Universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında qeyd edib ki, karyera sərgisinin məqsədi tələbə və məzunları birbaşa top şirkətlərlə əlaqələndirməkdir: "Karyera sərgisində bu gün 150 şirkətin kadrlar şöbəsinin 400-dən çox nümayəndəsi iştirak edir".
Menecer onu da əlavə edib ki, tədbir zamanı tələbə və məzunlar öz CV-ləri ilə şirkətlərə müraciət etmək şansı qazanıblar:
"Şirkətlər öz istiqamətləri haqqında tələbələrlə müzakirələr aparır, bunun nəticəsində karyera sərgisindən sonra tələbə və məzunların əksəriyyəti işlə təmin olunurlar".