Avstraliya iqlim dəyişikliyinə qarşı mübarizədəki liderliyi və bərpa olunan enerji sahəsindəki aparıcı mövqeləri ilə fəxr edir.
"Report"un Antalyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze COP31 Liderlər Sammitində çıxış edərkən bildirib.
"Bu, mənim ölkəm üçün tarixi andır. Avstraliya BMT-nin Tərəflər Konfransında Türkiyə ilə birlikdə qlobal iqlim danışıqlarında aparıcı rol oynayır. Biz iqlim dəyişikliyinə qarşı mübarizədə liderliyimizlə fəxr edirik. Gələcəyin ekoloji təmiz sənayelərini, müəssisələrini və iş yerlərini yaradaraq bərpa olunan enerji sahəsində aparıcı mövqelər tutmağımızla fəxr edirik. Sakit okean regionundakı tərəfdaşlarımızın maraqlarını müdafiə etmək üçün burada olmaqdan qürur duyuram", - o deyib.
Onun sözlərinə görə, Avstraliya iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlərə ehtiyacı olan Sakit okean regionu xalqlarının maraqlarını müdafiə etməyə çalışır.
Bununla yanaşı, baş nazir beynəlxalq ictimaiyyəti kiçik ada dövlətlərini qorumaq üçün, o cümlədən dayanıqlı infrastruktur, məktəblər, yaşayış evləri və etibarlı su təchizatı sistemləri yaratmaq yolu ilə səyləri birləşdirməyə çağırıb.
"Biz hazırkı və gələcək nəsillər qarşısında tədbirlər görmək üçün ciddi məsuliyyət daşıyırıq. Bu, həlledici onillikdir. İndi hərəkətə keçmək lazımdır", - o vurğulayıb.
Albaneze qeyd edib ki, COP31 ekoloji təmiz enerjiyə investisiyaların cəlb edilməsi, elektrikləşdirmənin sürətləndirilməsi, okeanların mühafizəsi tədbirlərinin fəallaşdırılması və ən çox ehtiyacı olan ölkələr üçün iqlim maliyyəsinə çıxışın genişləndirilməsi də daxil olmaqla, beynəlxalq əməkdaşlığın praktiki nəticələr gətirəcəyi bir platforma olmalıdır.
"Biz enerjinin ekoloji təmiz, etibarlı və əlçatan, iqtisadiyyatlarımızın isə güclü olacağı bir gələcəyə doğru hərəkəti təmin etməliyik. Elə etməliyik ki, iqlim dəyişikliyi ilə mübarizənin açdığı imkanlar, uyğunlaşma və tərəqqi üçün onlara ən çox ehtiyacı olanlara əlçatan olsun. Ən həssas ölkələrin kapitala ehtiyacı var. Biz onların bu kapitala çıxışını təmin etməliyik. Sakit okean ölkələrinə onların yaratmadığı iqlim problemi ilə mübarizə aparmaqda kömək etmək üçün sizi səylərimizə qoşulmağa qətiyyətlə çağırıram", - Albaneze bildirib.