Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvləri - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, "Report" İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev iştirak ediblər.

İclasda Fondun bu il ərzində həyata keçirdiyi fəaliyyətin nəticələrinə dair hesabat dinlənilib, həmçinin 2026-cı il üzrə illik fəaliyyət planının layihəsi ətraflı müzakirə olunub.

Müzakirələr zamanı Fondun milli-mənəvi dəyərlərin təbliği, ictimai maarifləndirmə və dini sahədə sağlam mühitin qorunması istiqamətində gördüyü işlər yüksək qiymətləndirilib.

Müzakirələrin yekununda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2025-ci il üzrə fəaliyyəti Himayəçilik Şurası tərəfindən qənaətbəxş hesab edilib.

Eyni zamanda Fondun 2026-cı il üzrə illik fəaliyyət planının layihəsinin icraçı direktor tərəfindən təsdiq edilməsi məqsədəuyğun hesab edilərək tövsiyə olunub.

Digər xəbərlər