"Dini həmrəylik və birgəyaşayış" layihəsi Qəbələdə davam etdiriləcək

"Dini həmrəylik və birgəyaşayış" layihəsi çərçivəsində Biləsuvar, Salyan və Neftçala rayonlarından olan din xadimləri Qəbələ şəhərinə səfər edəcəklər.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə 23–26 noyabr tarixlərində baş tutacaq səfər ölkədə dini etiqad azadlığının təmin olunması, konfessiyalararası həmrəyliyin təşviqi və tarixən formalaşmış tolerantlıq ənənələrinin yaşadılması məqsədi daşıyır.

Layihə çərçivəsində Qəbələdə fəaliyyət göstərən din xadimləri ilə görüşlər keçiriləcək.

Bununla yanaşı, dini dəyərlərin birləşdirici mahiyyəti, Azərbaycanda dini müxtəliflik şəraitində harmoniya, qarşılıqlı hörmət və birgəyaşayış ənənələrinə həsr olunan ekspert mühazirələri təşkil ediləcək.

Səfər zamanı tədbir iştirakçılarının Qəbələ rayon Heydər Əliyev Mərkəzini, Qəbələ şəhər "Cümə" məscidini və Yeni məscidi ziyarət etmələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzi və Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olmaları nəzərdə tutulur.

Layihə dini icmalar arasında dialoq və əməkdaşlığı genişləndirmək, qarşılıqlı anlaşma və həmrəylik münasibətlərini gücləndirmək, eləcə də milli-mənəvi dəyərlər üzərində formalaşmış birgəyaşayış mədəniyyətinin qorunub saxlanılmasını təşviqinə töhfə verməyi hədəfləyir.

Digər xəbərlər