Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağstafa şəhərində İmam Əli adına "Cümə" və Dağ Kəsəmən kəndində yerləşən "Eyyub ağa" məscidlərini ziyarət edib.
Bu barədə "Report"a komitədən məlumat verilib.
Bildirilib ki, məscidlərə baxış zamanı onların fəaliyyəti, ibadət üçün yaradılmış şərait və dini-mənəvi irsin qorunması ilə bağlı məsələlər müzakirə olunub.
Komitə sədri ölkədə dini abidələrin mühafizəsi, ibadət məkanlarının təmir və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, paytaxt və regionlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə də dini abidələrin bərpası, onların tarixi-memarlıq görkəminin özünə qaytarılması və istifadəyə verilməsi diqqət mərkəzində saxlanılır.
Ramin Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bu sahədə mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, milli-mədəni kimliyin yaşadılmasına və memarlıq sənəti nümunələrinin qorunmasına yönələn həmin təşəbbüslər xalqın zəngin mədəni mirasının gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Eyni zamanda, müasir dövrdə maarifləndirmə işinin əhəmiyyəti, informasiya mühitində dini biliklərin düzgün təqdim olunması və sağlam dini mühitin formalaşdırılması məsələlərinə də toxunulub. Bu sahədə təşkil olunan təlim, seminar və digər maarifləndirici tədbirlərin rolu qeyd edilib.
Din xadimləri ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, eləcə də milli-mənəvi dəyərlərin təbliği və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində göstərilən ali diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.