"Mənəvi dəyərlər" həftəsi tələbələrin Azərbaycanın milli-mədəni irsini öyrənmələrinə imkan yaradır.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Gəncədə keçirilən "Mənəvi dəyərlər" həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov deyib.
O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə artıq iki ildir ölkənin bölgələrində "Mənəvi Dəyərlər" həftəsinin keçirildiyini vurğulayıb:
"Bu tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin tələbələrinin bölgələrdəki universitetlərin tələbələri ilə bir araya gəlmələri, qarşılıqlı müzakirələrin aparılmasıdır. Eyni zamanda, tədbir çərçivəsində tələbələr Azərbaycanın müxtəlif tarixi və mədəni abidələri, mənəvi dəyərlərimizi əks etdirən məkanlarla tanış olmaq imkanı qazanırlar. Ümid edirik ki, Gəncədə təşkil edilən tədbir də tələbə və müəllimlər üçün faydalı olacaq".