Bakı. 4 iyul. REPORT.AZ/ İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.
İlahiyyatçı Hacı Fəxri Sadıqov “Report”a açıqlamasında bildirib ki, Fitrə zəkatı Ramazan bayramının axşamı günəşin batdığı vaxt ailə başçısının öhdəsində olanların adından çıxardığı bir zəkatdır: “Fitr sözünün ərəb dilində mənası “Yaradılış” yəni Yaradılışa qayıdış anlamına gəlir. Çünki Mübarək Ramazan ayı boyunca oruclu müsəlman yemir, içmir və hökmlərə riayət etməklə sanki mələk timsalına bənzəyir.
Bayramın bitməsi ilə yenidən insan fitrətinin bioloji qanunları olan gündəlik normal qidalanma halına qayıdır. Bu bayramın axşamı və günü bir neçə göstərişlər vardır ki, onları qeyd etməyi özümüzə borc bilirik. Hər bir müsəlmanın, istər ibadət əhli olsun istərsə də ibadət əhli olmasın, fitrə zəkatını verməsi vacibdir”.
İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: “Fitr bayramı günündə bayram namazı qılınır. Fitr bayramının namazı camaatla məsciddə qılmaq bəyənilmiş hesab edilir. Bayram namazının vaxtı da gün çıxandan günortaya kimidir. Bayram günü müsəlman ətirlənib təzə paltarını geyib uca Allahı həmd-səna edə-edə bayram namazına getməsi bəyənilmiş hesab edilir.
Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər. İnşallah Mübarək Ramazan Bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvayə əsasən iyulun 6-da qeyd ediləcək. Bayram namazı da məscidlərdə saat 09:00-dan qılınmağa başlanacaq”.