Ağdaşda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda konfrans keçirilib.
"Report"un məlumatına görə, Dövlət Komitəsinin Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev bildirib ki, dini təhlükəzsizlik milli təhlükəsizliyin ən mühüm istiqamətlərindən biridir:
"Milli təhlükəsizlik təmin olunmadan nə ictimai-siyasi sabitlikdən, nə də hüquq və azadlıqların gerçək məzmunda həyata keçməsindən bəhs edilə bilər".
Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov qeyd edib ki, milli birlik ideyası həm də güclü cəmiyyət və dövlət olmağın əsas şərtidir:
"Ona görə də milli birliyə və dini təhlükəsizliyə yönəlmiş hər cür mənfi fikirlərin, o cümlədən məzhəbçiliyin yayılmasının qarşısı alınmalıdır. Belə zərərli ideyaların yayılmasında söz və vicdan azadlığından sui-istifadə isə yolverilməzdir. Söz və vicdan azadlığı əslində cəmiyyətin inkişafı üçün faydalı ideyaların irəli sürülməsidir".
Ağdaş Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev vurğulayıb ki, bu gün dünyada cərəyan edən, sülh və beynəlxalq təhlükəsizlik üçün təhdid xarakteri daşıyan geosiyasi proseslərin dinamik inkişafı fonunda ictimai-siyasi həyatda din amili, dini təhlükəsizlik problemləri daha da aktuallaşıb. Bu baxımdan, Azərbaycanda dini təhlükəsizlik məsələləri əsrlər boyu formalaşmış xalqlar və ənənəvi məzhəblərarası harmoniya mühitinin qorunmasına yönəlmiş hüquqi fəaliyyətlə əhatələnir.
Tədbirdə digər natiqlər Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək bu dəyərlərin qorunması və geniş təbliğ edilməsinin yad təsirlərə qarşı mübarizədə əhəmiyyətli olduğunu söyləyiblər.