Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib

Qazaxıstan və ABŞ prezidentləri Kasım-Jomart Tokayev və Donald Tramp telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə "Akorda" məlumat yayıb.

"Qazaxıstan və ABŞ prezidentləri ikitərəfli gündəlik və cari beynəlxalq vəziyyət, o cümlədən Ukrayna məsələsi barədə ətraflı fikir mübadiləsi aparıblar. Kasım-Jomart Tokayev bu ilin noyabrında Vaşinqtona səfəri zamanı əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsinə hazır olduğunu təsdiqləyib", - məlumatda deyilir.

K.Tokayev Rusiya-Ukrayna münaqişəsinin həllinin mürəkkəb olduğunu, burada ərazi məsələsinin əsas yer tutduğunu və cəbhədəki real vəziyyəti nəzərə almaqla hər iki tərəfdən güzəşt tələb etdiyini vurğulayıb. O, həmçinin bütün tərəfləri səbir, çeviklik və peşəkarlıq nümayiş etdirməyə, sülh formulunu axtarmağa davam etməyə çağırıb. Prezident Qazaxıstanın vasitəçi olmadığını, lakin lazım gələrsə, münaqişə tərəfləri üçün danışıq platforması təmin etməyə hazır olduğunu söyləyib.

Söhbətin sonunda Tokayev Trampı Qazaxıstana səfərə dəvət edib.

Digər xəbərlər