Tanınmış zərgər Paolo Bulqari 89 yaşında vəfat edib

"Bulgari" şirkətinin dünyanın aparıcı zərgərlik brendlərindən birinə çevrilməsində əsas rol oynamış italyan zərgər Paolo Bulqari 89 yaşında vəfat edib.

"Report"un "La Repubblica" qəzetinə istinadən məlumatına görə, onun dəfn mərasimi noyabrın 23-də Romada keçiriləcək.

Markanın tarixi 1894-cü ildə İtaliyanın paytaxtında, Paolonun babası, yunan mühaciri Sotirio Bulqarinin ilk zərgərlik mağazasını açdığı zaman başlayıb. Sonralar onun varisləri ailə biznesini beynəlxalq səviyyəyə çıxarıblar. Ailə özü Paolonu "dövrümüzün böyük zərgəri" adlandırıb.

Brend ən böyük şöhrətini zinət əşyalarının kino ulduzları arasında populyarlaşdığı 1960-1970-ci illərdə qazanıb.

Şirkət Fransanın "LVMH" holdinqinin tərkibinə daxil olduğu 2011-ci ilə qədər ailə müəssisəsi olaraq qalıb. Bununla belə, "Bulgari" Roma ilə sıx əlaqələrini qoruyub saxlayır: bu yaxınlarda İmperator Avqust meydanında brend altında otel açılıb, şirkət isə orada yerləşən antik Avqust mavzoleyinin bərpasını maliyyələşdirib.

Digər xəbərlər

Peruda güclü zəlzələ olub 21 noyabr, 2026 / 05:13