Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb

Rusiya qoşunlarının Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi endirməsi nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Krivoy Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

Onun sözlərinə görə, ölənlər arasında 20 yaşlı qız və 7 yaşlı oğlan uşağı var. Yaralananlardan 4-ü uşaqdır. Xəsarət alan 27 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hücum nəticəsində 23 çoxmənzilli yaşayış binasına, tibb müəssisəsinə və kommersiya obyektlərinə ziyan dəyib.

Hadisə yerində xilasedicilər və təcili xidmət əməkdaşları fəaliyyət göstərir. Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Digər xəbərlər