Fransa Senatı polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsinin qanuniliyinə dair prezumpsiyanın tətbiqini nəzərdə tutan qanun layihəsini yekun olaraq təsdiqləyib.
"Report" xəbər verir ki, sənədin lehinə 205 senator səs verib, 110 senator isə əleyhinə çıxıb.
Mərkəz-sağ Respublikaçılar Partiyasının deputatı Erik Puje tərəfindən irəli sürülən təşəbbüs daha əvvəl Milli Assambleyada da təsdiqlənib. Qanun layihəsini hökumət, mərkəzçi qüvvələrin əhəmiyyətli hissəsi və sağçı "Milli Birlik" Partiyası dəstəkləyib.
Sənədə əsasən, polis və jandarm əməkdaşlarının odlu silahdan istifadəsi əksi sübuta yetirilənədək qanuni hesab ediləcək.
Fransanın daxili işlər naziri Loran Nünez parlamentin qərarını alqışlayaraq bunu hüquq-mühafizə orqanlarının əməkdaşlarına etimadın göstəricisi adlandırıb. Onun sözlərinə görə, təşəbbüs polis və jandarm əməkdaşlarını fəaliyyətlərinin real şərtlərinə uyğun hüquqi baza ilə təmin edəcək.
Bununla belə, solçu partiyaların nümayəndələri qanun layihəsinə qəti etiraz edərək onu "öldürməyə icazə" kimi qiymətləndiriblər.
Senatdakı sosialistlər sənədin konstitusiyaya zidd hesab edilməsi və qüvvəyə minməsinin qarşısının alınması məqsədilə Fransa Konstitusiya Şurasına müraciət edəcəklərini açıqlayıblar.