Fransanın şimalında güclü yağışlardan sonra çayda suyun səviyyəsinin qalxması nəticəsində baş verən daşqınlar səbəbindən təxminən 800 nəfər təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə Fransa mediası yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Pa-de-Kale departamentindəki Kanş çayında suyun səviyyəsi maksimum həddə çatıb. Daşqınlar səbəbindən cümə axşamından bəri təxminən 800 nəfər təxliyə edilib", - departamentdən bildirilib.
Bundan başqa, 800-ə yaxın evi su basıb, 170 ev işıqsız qalıb.
Qeyd olunub ki, şənbə günü daşqınlarla əlaqədar narıncı təhlükə səviyyəsi elan edilib.