Suriyada Yeni il bayramında terror törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib

Suriya Daxili İşlər Nazirliyi Milad və Yeni il şənlikləri zamanı terrorçular tərəfindən planlaşdırılan bir sıra silahlı hücum cəhdinin qarşısının alındığını bildirib.

"Report"un SANA-ya istinadən məlumatına görə, bu barədə qurumun "Telegram" kanalında yerləşdirilən bəyanatda deyilir.

Məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin xüsusi bölmələri əməliyyat keçirərək "Sarayya əl-Cavad" gizli terror şəbəkəsi ilə əlaqəli olan qruplaşmalardan birini zərərsizləşdiriblər. Qruplaşma üzvləri Latakiya əyalətində Milad və Yeni il bayramları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına, eləcə də mülki şəxslərə qarşı hücumlar həyata keçirməyi planlaşdırıblar.

Suriya təhlükəsizlik qüvvələri axtarışda olan yaraqlıların gizləndiyi Duveyr-Baabda rayonunu mühasirəyə alıb. Cinayətkarlar təslim olmaqdan imtina etdikdən sonra xüsusi təyinatlılar binaya hücum ediblər. Nəticədə üç radikal öldürülüb, biri isə əsir götürülüb. Atışma zamanı dörd xüsusi təyinatlı əməkdaşının "yüngül xəsarət aldığı" bildirilib.

Latakiya əyalətinin daxili təhlükəsizlik qüvvələrinin komandanı general Hilal əl-Əhməd bildirib ki, Duveyr-Baabda keçmiş rejimin tərəfdarlarına qarşı xüsusi əməliyyat hələ başa çatmayıb.

"Dinc sakinlərini terrorçulardan qorumaq və əyalətdə sabitliyi təmin etmək naminə öz vəzifə borcumuzu yerinə yetirməkdən geri çəkilməyəcəyik", - deyə o qeyd edib.

Digər xəbərlər