Somalidə prezident seçkiləri başlayıb

Somalinin paytaxtında prezident seçkiləri başlayıb.

"Report" xəbər verir ki, bu barədə "Garowe" portalı məlumat yayıb.

Seçkilər ötən gecə elan edilmiş və mayın 16-sı səhərə qədər davam edəcək komendant saatı çərçivəsində keçirilir.

Somalinin yeni prezidentini 4 il müddətinə parlamentin aşağı və yuxarı palatalarının 329 deputatı seçəcək. Səs vermək üçün onlar Aden Adde Beynəlxalq Hava Limanının adətən ölkənin hərbi-hava qüvvələri tərəfindən istifadə edilən anqarına toplaşıblar və terrorçular tərəfindən törədilən partlayışlara tab gətirə bilən xüsusi beton hasarla əhatə olunublar. Anqar Afrika İttifaqının sülhməramlı kontingentinin üzvləri tərəfindən ciddi şəkildə mühafizə olunur, xarici səfirliklərin və xeyriyyə təşkilatlarının missiyalarının əsas bazası olan Camp Halane yüksək təhlükəsizlik zonasında yerləşir.

Yenidən seçilmək istəyən hazırkı dövlət başçısı Mohamed Abdullahi Mohamedə 36 rəqib, o cümlədən bir qadın - keçmiş baş nazirin müavini və keçmiş xarici işlər naziri Fəvziyə Yusuf Hacı Adam qarşı çıxır.

Birinci turda qalib gəlmək üçün səslərin üçdə ikisi tələb olunur. Əks halda ən çox səs toplayan dörd namizəd üçün əlavə turlar keçirilir.

Digər xəbərlər