Rusiya Baş Qərargahının idarə rəisi avtomobildə baş verən partlayış nəticəsində ölüb

Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarov Moskvada avtomobildə baş verən partlayış nəticəsində həlak olub.

"Report"un məlumatına görə, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

"İstintaq məlumatlarına əsasən, dekabrın 22-si səhər saatlarında Moskvanın Yasenyeva küçəsində avtomobilin altında quraşdırılmış partlayıcı qurğu işə düşüb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov aldığı xəsarətlər nəticəsində ölüb", - bəyanatda bildirilib.

Faktla bağlı cinayət işi açılıb.

Hadisə yerində araşdırma davam edir. İstintaq tərəfindən zəruri ekspertizalar, o cümlədən məhkəmə-tibbi və partlayış-texniki ekspertizalar təyin ediləcək. Şahidlər və hadisəni görənlər dindirilir, videomüşahidə kameraları tədqiq edilir.

Digər xəbərlər