Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan "An-22" təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Rusiya İstintaq Komitəsinin hərbi istintaq orqanları hadisə ilə bağlı cinayət işi açıb. Cinayət işi uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı açılıb.
Hadisə sınaq uçuşu zamanı baş verib. An-22 təyyarəsi İvanovo vilayətinin İvankovo kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində yalnız heyət üzvləri olub.
Rusiya Müdafiə Nazirliyi İvanovo vilayətində "An-22" təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
"Report" nazirliyin məlumatına istinadən xəbər verir ki, hərbi nəqliyyat təyyarəsi təmirdən sonra uçuş zamanı qəzaya uğrayıb.
Təyyarə kimsəsiz əraziyə düşüb, ekipajın taleyini müəyyənləşdirmək üçün axtarış-xilasetmə komandası hadisə yerinə gedib.
Nazirlikdən bildirilib ki, bütün halları müəyyənləşdirmək üçün Rusiya Aerokosmik Qüvvələrinin komissiyası hadisə yerinə yola düşür.
"An-22" təyyarəsi Rusiyanın İvanovo vilayətindəki Uvodskoye su anbarı ərazisində qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
Xilasedicilər hadisə yerinə gedib. Təyyarənin qalıqları suda tapılıb. Məlumata görə, "An-22" təmirdən sonra planlı uçuş həyata keçirirmiş.
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda "An-22" təyyarəsi qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "REN TV" mənbəyə istinadən bildirib.
Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.
Ölən və xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsusdur.