Melaniya Tramp: Rusiya və Ukrayna Oleşkidə oktyabrın 29-dan atəşkəs barədə razılığa gəliblər

Rusiya və Ukrayna humanitar yardımın çatdırılması və mülki əhalinin xüsusi olaraq müəyyən edilmiş təhlükəsiz dəhliz yolu vasitəsilə təxliyəsi üçün Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə razılığa gəlib.

"Report" Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin birinci xanımı Melaniya Tramp bildirib.

Lokal atəşkəs 2026-cı il oktyabrın 29-u başlamalıdır.

Onun sözlərinə görə, tərəflər onun vasitəçiliyi və birbaşa Rusiya və Ukrayna rəhbərliyi ilə əlaqədə olan nümayəndəsinin iştirakı ilə yerli atəşkəs şərtlərini razılaşdırıblar.

"Oleşkidəki vəziyyət dəhşətlidir. Oleşki fəlakət astanasında olan cəbhəyanı şəhərdir. Qalan əhali əsasən yaşlı insanlardan ibarətdir və onlar təcili tibbi yardıma, dərmanlara, ərzağa və təmiz suya ehtiyac duyurlar", - Melaniya Tramp bəyan edib.

O qeyd edib ki, şəhər sakinləri elektrik təchizatında fasilələrlə üzləşir, minalanmış yollarda hərəkət edir və mütəmadi olaraq hərbi hücumlara məruz qalırlar.

ABŞ-nin birinci xanımının sözlərinə görə, Rusiya və Ukrayna nümayəndələri zəruri yardım səviyyəsini müəyyən etmək üçün Oleşki sakinlərini evlərində ziyarət edəcəklər. Şəhəri tərk etmək istəyən sakinlərə seçdikləri istiqamətə - Rusiyaya və ya Ukraynaya nəqliyyat vasitəsi təmin ediləcək.

Digər xəbərlər