Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynalı həmkarı Sergey Koretski ilə telefon danışığının yekunları üzrə "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, tərəflər Ukraynada və Qara dəniz regionunda təhlükəsizlik vəziyyətini, o cümlədən ticarət gəmilərinə son hücumlarla əlaqədar məsələləri müzakirə ediblər.
"Rumıniyanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə dəyişməz həmrəyliyini, eləcə də ölkəyə davamlı dəstəyimizi bir daha təsdiqlədim", - Nikulesku bildirib.
O əlavə edib ki, tərəflər təhlükəsizliyin möhkəmləndirilməsi üçün pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində birgə layihələri gücləndirmək barədə razılığa gəliblər.
Baş nazir qeyd edib ki, iki ölkənin strateji tərəfdaşlığı, o cümlədən Ukraynada Rumıniya azlığının hüquqlarının müdafiəsi məsələləri üzrə daha sıx koordinasiya üçün əsas rolunu oynayır.
Nikulesku, həmçinin vurğulayıb ki, Rumıniya hökuməti Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyə davam edir.