NATO-nun 2025-ci ilin may ayında Rumıniyada keçirilməsi planlaşdırılan “Dacian Spring 25” təlimi ölkədə yolların və körpülərinin pis vəziyyətdə olması səbəbindən təxirə salınıb.
“Report” xəbər verir ki, bu barədə “Azad Avropa Radiosu/Azadlıq Radiosu” media korporasiyasının saytında yerləşdirilən məqalədə deyilir.
"10 ay ərzində ordu, Xarici İşlər Nazirliyi və alyansın üç ölkəsi bir neçə meriyadan, eləcə də İnkişaf, İctimai işlər və İdarəetmə Nazirliyindən bir neçə yolun və dörd körpünün təmirini xahiş edir", - məlumatda deyilir. "Bunlar 2025-ci ilin may ayında NATO təlimlərinin təşkili üçün vacib idi", - materialda əlavə olunur.
Məqalədə Müdafiə Nazirliyinin məktublarından çıxarışlara istinad edilir ki, burada ağır texnikanın hərəkəti üçün yolların təmirə ehtiyacı var. Məqalədə qeyd edilir ki, yerli hakimiyyət orqanları bu işləri həyata keçirmək üçün maliyyə mənbələrinin olmadığını bildirib. Vəsaitlərin ayrılması ilə bağlı hökumətin qərarı yalnız 2025-ci il yanvarın 31-də qəbul edilib. Mayın 5-dən 26-dək keçirilməsi nəzərdə tutulan təlimlər qoşunların və hərbi texnikanın böyük kontingentinin Rumıniyaya sürətlə hərəkətini, eləcə də ölkə ərazisinin müdafiəsini praktiki olaraq həyata keçirmək üçün nəzərdə tutulmuşdu. Rumıniyaya əlavə 2 000 fransız əsgəri gəlməli idi ki, hazırda ölkədə olan Fransa batalyonu briqada səviyyəsinə qaldırılsın.