Fransanın Fontene-su-Bua (Val-de-Marne departamenti) şəhərinin Le-Larri məhəlləsindəki yaşayış binasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, təxminən 15 insan xəsarət alıb.
"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, yanğın noyabrın 19-da axşam saatlarında Le-Larri məhəlləsindəki 18 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində baş verib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın iki saat sonra lokallaşdırılıb, qaz partlayışı təhlükəsi aradan qaldırılıb.
Yanğının söndürülməsi və sakinlərin xilas edilməsi üçün 130-dan çox yanğınsöndürən cəlb edilib.
Paris polisinin prefekti Patris For bir nəfərin öldüyünü təsdiqləyib. O, həmçinin iki yanğınsöndürənin xəstəxanaya yerləşdirildiyini bildirib, onların həyatı üçün təhlükə yoxdur.
Binanın zərərçəkən sakinləri və ailələri üçün Lanjeven məktəbinin ərazisində qəbul məntəqəsi təşkil edilib.
Hadisənin səbəbi hələ müəyyən olunmayıb. Yanğınsöndürmə-xilasetmə işləri davam etdirilir.