Mirziyoyev Türkiyənin iş adamlarını Özbəkistana investisiya yatırmağa dəvət edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev türkiyəli iş adamlarını müxtəlif sahələrdəki birgə layihələrdə iştirak etməyə dəvət edib.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, bu gün Daşkənddə biznesin dəstəklənməsi üzrə Özbəkistan-Türkiyə yüksək səviyyəli şurasının ilk iclası keçirilib. İclasda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Mirziyoyev Türkiyə şirkətlərinə dağ-mədən sənayesi, mineral ehtiyatların dərindən emalı və "yaşıl energetika" sahəsində yeni layihələr həyata keçirməyi təklif edib.

Əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi elektrotexnika sənayesində kooperasiyanın genişləndirilməsi qeyd olunub. Mirziyoyev xatırladıb ki, 2030-cu ilə qədər ölkədə bu sahə üzrə ixracın 5 milyard dollara çatdırılması və 11,6 milyard dollar investisiya cəlb edilməsi planlaşdırılır. Türkiyə şirkətlərinə misin dərindən emalı, elektronika, transformatorlar, məişət texnikası və elektrik avadanlıqları istehsalı sahəsində Özbəkistan müəssisələri ilə birgə layihələrə başlamaq təklif olunub.

Kənd təsərrüfatı sahəsində Türkiyə təcrübəsi nəzərə alınmaqla, üzvi və mineral gübrələrin, kənd təsərrüfatı texnikasının istehsalı, müasir istixanaların inşası, bağçılıq, suya qənaət edən texnologiyaların tətbiqi və soyuducu anbarların tikintisi üzrə əməkdaşlığı gücləndirmək təklif olunub.

"Özbəkistan vahid əlavə dəyər zəncirinin - ərzaq məhsullarının dərindən emalı və yetişdirilməsindən tutmuş, iri pərakəndə satış şəbəkələri vasitəsilə istehlakçıya çatdırılmasına qədər formalaşdırılmasında maraqlıdır", - Özbəkistan Prezidenti qeyd edib.

Digər xəbərlər