Seneqal sahillərində miqrantları daşıyan qayıq aşıb: onlarla insan itkin düşüb

Seneqal sahillərində Avropaya gedən miqrantların olduğu qayığın qəzaya uğramasından sonra onlarla insan itkin düşmüş hesab olunur.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli "İnsan haqları və dostluq naminə fəaliyyət" qeyri-hökumət təşkilatının prezidenti Adama Mbenge bildirib.

Onun sözlərinə görə, sağ qalanlardan biri qayıqda 50-yə yaxın insanın olduğunu bildirib.

Hadisə ölkənin paytaxtı Dakardan cənubda, Yenne sahillərində baş verib.

"Radio France Internationale"nin məlumatına görə, qəza nəticəsində ən azı 1 nəfər ölüb.

BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirib ki, noyabrın ilk 12 günü Qərbi Afrika marşrutu ilə Kanar adalarına 8 200-ə yaxın miqrant gedib.

Təşkilat, həmçinin qeyd edib ki, 2026-cı ildə bu marşrutda 600-ə yaxın insan həlak olub və ya itkin düşüb. Müqayisə üçün - 2025-ci il ərzində belə halların sayı təxminən 1 200 təşkil edib.

Digər xəbərlər