Meksikanın Mexiko ştatında içərisində insan qalıqları olan 68 kisə aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə "El Milenio" qəzeti məlumat yayıb.
Kisələr bölgənin paytaxtı Toluca şəhəri yaxınlığındakı doqquz gizli məzarlıqda tapılıb. Qeyd olunub ki, həmin ərzidə fəaliyyət göstərən dəstələrdən birinin saxlanılan üzvləri bu barədə rəsmi orqanlara məlumat veriblər.
Kisələrdə neçə nəfərin cəsəd qalıqlarının olması barədə məlumat yoxdur. Hərbçilər, eləcə də Mexiko ştatının polisi və prokurorluğu qalıqların axtarışını davam etdirir.
Rəsmi hesablamalara görə, 1964-cü ildən 2022-ci ilə qədər Meksikada itkin düşənlərin sayı 100 min nəfəri keçib.
2022-ci ildə Latın Amerikası ölkəsində qətllərin sayı illik müqayisədə 7,1% azalaraq 33,350-dən 30,968-ə düşüb.