Oman məlumat mübadiləsi, qanunsuz əldə edilmiş aktivlərin qaytarılması və hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsi də daxil olmaqla, korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Omanın Maliyyə və İnzibati Nəzarət Dövlət İdarəsi sədrinin qurumlar, investisiyalar və şirkətlərə nəzarət üzrə müavini Zəhra bint Məhəmməd Rza Əl-Lavati Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə bildirib.
"Bu görüş Məkkə Konvensiyasının həyata keçirilməsi, xüsusilə transsərhəd məlumat mübadiləsi, qarşılıqlı hüquqi yardım, aktivlərin aşkar edilməsi və geri qaytarılması, eləcə də hüquq-mühafizə orqanları arasında koordinasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır", – o qeyd edib.
Əl-Lavatinin sözlərinə görə, korrupsiyaya qarşı səmərəli mübarizə qabaqlayıcı tədbirləri, risklərə əsaslanan nəzarəti, hüquq pozuntularının erkən aşkarlanmasını və qanunvericiliyə riayət olunmasının təmin edilməsini əhatə etməlidir.
"Bizim prioritetimiz beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçülə bilən nəticələrə çevirmək, institusional potensialı gücləndirmək və dövlət vəsaitlərinin qorunmasını təmin etməkdir", - o vurğulayıb.
Əl-Lavati, həmçinin görüşün təşkilinə görə Azərbaycanın Baş Prokurorluğuna təşəkkür edib.
"Bakı zəngin mədəni irsin müasir inkişafla uzlaşdığı gözəl və dinamik bir şəhərdir. İnsanların isti münasibəti bu səfəri xüsusilə yaddaqalan etdi", - Əl-Lavati əlavə edib.