İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin antikorrupsiya hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli görüşündə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Malayziyanın Korrupsiyaya qarşı Mübarizə Komissiyasının (MACC) baş komissarı Abdul Halim Aman bildirib.
"İkigünlük konfrans zamanı biz korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair qətnamələr hazırlamağa və qəbul etməyə nail olduq. Bu gün biz həmçinin görüş zamanı müzakirə olunan məsələlər üzrə hökumətimizin mövqeyini təqdim etdik", - o qeyd edib.
Amanın sözlərinə görə, bu cür tədbirlər ümumi çağırışları müzakirə etmək və İƏT ölkələri arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək üçün platforma yaradır.
O, həmçinin görüşün təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirib.
"Ölkə prezidenti başda olmaqla, Azərbaycanı belə miqyaslı və mühüm konfransın uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim", - o vurğulayıb.
Aman həmçinin Azərbaycan xalqının qonaqpərvərliyini yüksək qiymətləndirib.
"Bakı zəngin tarixə malik şəhərdir. Azərbaycan sakinləri çox qonaqpərvərdirlər və buraya gələnlərə öz doğmaları kimi münasibət bəsləyirlər. Biz burada özümüzü arzuolunan qonaqlar kimi hiss edirik və daha uzun müddət qalmaq istəyirik", - o əlavə edib.