Manila və Pekin danışıqları bərpa ediblər

Filippin və Çin bu həftə mübahisəli Cənubi Çin dənizi ilə bağlı yüksək səviyyəli danışıqları bərpa ediblər, onlar neft və qaz əməkdaşlığına doğru ilkin addımları araşdırıblar və Yaxın Şərqdə davam edən münaqişə fonunda enerji və gübrə tədarükünü müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Filippin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, 2017-ci ildə yaradılmış ikitərəfli məsləhətləşmə mexanizmi çərçivəsində danışıqların 11-ci raundu 2025-ci ilin yanvar ayından bəri ilk belə görüş olub.

Qurumun açıqlamasında deyilir ki, Manila Filippin personalını və balıqçılarını təhdid edən hadisələrlə bağlı məsələləri qaldıraraq, diplomatiyanın, ünsiyyətin və beynəlxalq hüquqa hörmətin vacibliyini vurğulayaraq prinsipial mövqeyini qətiyyətlə təkrarlayıb.

Hər iki tərəf neft-qaz sektorunda əməkdaşlıq üzrə ilkin əlaqələri müzakirə etdi və enerji resurslarına və gübrələrə sabit çıxışın vacibliyini vurğulayıb.

Danışıqlar Filippin Prezidenti Ferdinand Markosun bu həftənin əvvəlində Yaxın Şərq münaqişəsi səbəbindən neft təchizatında fasilələr olduğunu əsas gətirərək enerji fövqəladə vəziyyəti elan etməsindən və Çindən də daxil olmaqla, yanacaq idxalını şaxələndirmək üçün tədbirlər elan etməsindən sonra baş tutub. Xatırladaq ki, Pekinin Cənubi Çin dənizinə dair geniş iddiaları Filippin də daxil olmaqla bir neçə Cənub-Şərqi Asiya ölkəsinin eksklüziv iqtisadi zonaları ilə üst-üstə düşür.

Son dəniz toqquşmaları gərginliyi artırıb və Manila Pekini "təhlükəli manevrlər"də və mübahisəli ərazilərdə təchizat missiyalarını pozmaq üçün su toplarından istifadə etməkdə ittiham edib.

Digər xəbərlər