Avstriyada məhkəmə xarici kəşfiyyatın xeyrinə casusluqda şübhəli bilinən 2 ukraynalını yenidən həbs edib.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu ölkənin hərbi kəşfiyyat idarəsinin həmin 2 əməkdaşı cəmi iki həftə əvvəl həbsdən azad edilmişdi.
Vyana prokurorluğu hər iki təqsirləndirilən şəxsin yenidən həbsdə olduğunu təsdiqləyib.
Təkrar saxlanmaya şübhəlilərdən götürülmüş informasiya daşıyıcılarının, xüsusən də mobil telefonların və kompüterlərin təhlili səbəb ola bilərdi. Müstəntiqlər qeyd edirlər ki, qanunsuz kəşfiyyat əməliyyatlarının, o cümlədən Böyük Britaniyada planlaşdırılmasına dair sübutlar tapıblar.
Hərbi kəşfiyyatın iki əməkdaşının ilkin saxlanılması da geniş rezonans doğurub. Belə ki, bundan sonra Vyanada ukraynalı araşdırmaçı jurnalist Mixail Tkaç və onun operatoru da saxlanılıb. Saxlanılma zamanı xəsarət alan operatorun kəşfiyyat əməkdaşları ilə əlaqədə olduğu ehtimal edilir.
Xatırladaq ki, Ukrayna hərbi kəşfiyyatının iki ehtimal edilən əməkdaşı hələ oktyabrın 5-də Vyanada saxlanılıb. Əyalət məhkəməsi şübhəlilərin həbs edilməsi barədə qərar çıxarıb.