Macarıstan Pakş AES-də ABŞ-nin nüvə yanacağından istifadə etməyi planlaşdırır

Macarıstan 2028-ci ildən sonra Pakş Atom Elektrik Stansiyasında (AES) ABŞ-nin "Westinghouse" şirkətinin istehsalı olan istilik buraxıcı elementlərdən istifadə edəcək.

"Report"un məlumatına görə, bunu "Inforadio"ya müsahibəsində Macarıstanın energetika naziri Çaba Lantoş bildirib.

"Plana əsasən, 2028-ci ildən sonra Pakş AES-də yanacağın dörddə üç hissəsi rus lisenziyası əsasında istehsal olunan fransız istilik buraxıcı elementlərdən, dörddə bir hissəsi isə amerikalı istehsalçıdan olacaq", – nazir qeyd edib.

O vurğulayıb ki, Macarıstan yalnız bir təchizatçıdan asılı olmaq istəmir.

Lantoş xatırladıb ki, Pakş AES üçün yanacaq Avropada "Rosatom" və Fransanın "Framatome" şirkəti tərəfindən yaradılmış birgə müəssisədə istehsal olunacaq. Bundan əlavə, Macarıstan ABŞ-nin "Westinghouse" şirkəti ilə də müqavilə imzalayıb və şirkət bu stansiya üçün öz nüvə yanacağını hazırlamağı öhdəsinə götürüb.

"Əslində, yanacağın dörddə üç hissəsi Rusiya-Fransa birgə müəssisəsi tərəfindən, qalan dörddə bir istilik buraxıcı element isə lisenziyalaşdırma prosesindən sonra ABŞ-nin "Westinghouse" şirkəti tərəfindən təchiz ediləcək", – o dəqiqləşdirib.

Digər xəbərlər